Brüsseldən gözlənilən dəstək gəlməyincə İrəvanda bütün gözlər yenidən Moskvaya çevrildi.
Hafta.az-ın yazdığına görə, Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində atılan addımlara baxmayaraq, Ermənistan Brüsseldən yetərincə dəstək ala bilmədi və xarici siyasətində Rusiya ilə yaxınlaşma siqnalı verməyə başlayıb.
Bu kontekstdə Rusiya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun yaxın günlərdə İrəvana səfəri gözlənilir.
Ermənistanın baş naziri Nikol Paşinyan 9 May Qələbə Günü münasibətilə Moskvaya səfər edərək, Rusiya ilə münasibətlərin vacibliyini vurğulayıb, diplomatik təmaslara yol açmağı hədəfləyib. Keçən il tədbirə qatılmayan Paşinyan Ermənistanın balanslaşdırılmış siyasət həyata keçirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Paşinyanın Moskvada olmasının arxasında Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüş planı da var idi. Paşinyan 80 illik yubiley tədbirləri çərçivəsində Əliyevə sülh mesajı çatdırmaq istəyib. Lakin Əliyev ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş sıx tədbir proqramı ilə əlaqədar Moskvaya gəlməyib. Buna baxmayaraq, İrəvan sülh sazişi imzalamağa hazır olduğunu və Cənubi Qafqazın indi sülhə layiq olduğunu vurğulayıb.
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hələ də tam səngiməyib. Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvanı ölkəsinə qarşı hibrid müharibə aparmaqda ittiham edib. Simonyan iddia edib ki, Rusiya media və yerli aktyorlar vasitəsilə siyasi sabitliyi pozmağa çalışır. Bu bəyanat iki ölkə arasında gərginlik olan sahələrin hələ də həll olunmadığını göstərir.
2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına inteqrasiyasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu addım simvolik olsa da, Moskvanın qəzəbinə səbəb oldu. Rusiya rəsmiləri bəyan ediblər ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə Aİ-yə inteqrasiyası arasında münaqişə yarana bilər.
Erməni politoloq Arşaluys Mqdesyanın fikrincə, İrəvan xarici siyasətində balans axtarır. Qərbin qeyri-müəyyənliyini və Ermənistanın məhdud strateji əhəmiyyətini nəzərə alaraq, ölkə bir qütb üzərində cəmləməkdənsə, çoxşaxəli yanaşmaya üstünlük verir. Bu çərçivədə Ermənistan həm də Çin, Hindistan və İranla əlaqələrini gücləndirmək yolundadır. Məqsəd “İkinci Qarabağ Müharibəsindən sonra yaranmış təhlükəsizlik boşluğunu” dolduracaq yeni tərəfdaşlıqların inkişaf etdirilməsidir.
Mqdesyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərindəki problemlər həll etməkdənsə, təxirə salınıb. Tərəflər fikir ayrılıqlarını gündəmə gətirməməyə və əməkdaşlığa nail ola biləcəyi sahələrə diqqət yetirməyə üstünlük verirlər. Bu, münasibətlərdə struktur deyil, konyuktur normallaşma prosesinə işarə edir.